Qida sektorunda kommunikasiya – PR, planlama, tədbir (event), KİV-lə iş, sosial media idarəçiliyinin bir-biri ilə sıx əlaqəsi və çox operativ tətbiqi ilə həyata keçən kommunikasiya fəaliyyətlərindəndir. Yeyinti və içki sənayesi onun istehsalçıları və istehlakçıları qədər fərqli və rəngarəngdir. Geniş diapazonu əhatə edən sahənin kommunikasiyasında uğurlu olmaq üçün universal olmaq mütləqdir.
Bu sahə reklam, PR nöqteyi nəzərindən ən həssas sektorlardan biridir. “Anti-reklam da reklamdır” klişe yanaşmasının ən ziyanverici təsirini göstərdiyi sahələrdən biridir. Ortaya çıxa biləcək neqativ üzərində nə qədər peşəkərcasına iş görülsə, pozitivə çevrilməyə çalışılsa da tam arzuolunan effekti əldə etmək çox çətin olur. Barəsində mənfi məlumat yayılmış, qida brendinə müştərilər ikinci şansı demək olar ki vermir. Çünki, bu şansı vermək öz sağlamlığı ilə risk etmək deməkdir.
Ümumiyyətlə, qida sektorunda neqativin yaranması və yayılması daha sürətlə baş verir. Burada kütləvilik və həssaslıq əsas stimulverici nüansdır. Bütün kütləvi tələbat malları (FMCG) sektoru, xüsusən onun qida qolu müştəri loyallığının ən aşağı olduğu sektordur.
Qeyd olunanları nəzərə alaraq qida sektorunda kommunikasiya vasitələri arasında çox istifadə olunanları aşağıdakı kimi fərqləndirmək olar (sıralama şərtidir):
İnternet
Deyirlər ki, qida sektorunda ictimaiyyətlə əlaqələr potensial müştərinin internetdə sənin təklif etdiyin məhsulla bağlı axtarış etdiyi andan başlayır. Axtarışda önə keçmək, satış saytları vasitəsilə məhsul təklif edərkən ünsiyyəti düzgün qurmaq biznesinizə qalıcı plus olaraq geri dönəcək. Öz fərqli ünsiyyət dil və stiliniz olması sizi özəl edər.
Hekayə
Brendin, məhsulun yaddaqalan bir hekayəsi olsa bir neçə addım öndədir. Bu yaranma tarixindəki qeyri adi hadisə ilə bağlı ola bilər. Vaxtı ilə həmin brend üçün çalışmış ictimai fiqurla bağlı ola bilər. Sizin məhsulun məşhur müştəriləri barədə ola bilər və s.
“Influencer”
Kütləvi hədəf auditoriyasna yönələn sektor olduğu üçün sosial mediada rəy formalaşdıran məşhur simalardan – “influencer”lərdən, qidalar barədə yazan bloggerlərdən məhsula uyğun istifadə olunması gözlənilən nəticəni əldə etməyə kömək olur.
Viral
FMCG sektorun bütün sahələrində viral reklamlarla gündəmdə olmağa geniş imkanlar var. Trendləri izləyib onun bir hisəsi ola bilsəniz viralda uğur qazanmaq çətin olmayacaq.
Tədbirlər
Kommunikasiya yaratmaqdan əlavə, “event”lərlə həm məhsullarınızın daddırmasını edə bilə, həm məkanınızı tanıda bilərsiniz.
Unutmayaq ki, PR reseptlərini çoxusu bilə bilər. Onu yetərincə “dadlı” hazırlamaq isə ustaların işidir. Və hər ustanın öz sirrləri olur.