Azərbaycanlının həyatında ev xüsusi yer tutur. Bu ölkənin insanı üçün mədəniyyətinin, məişətinin, mentalitetinin başladığı və hər zaman sıx bağlı olduğu məkandır ev. Hətta insanlarımızın ailə qurmasının kökü belə evə söykənir – biz EV-lənirik.
Bəs, bu gün ev tikənlər, ev satan şirkətlər bu amillərdən necə istifadə edə bilər? Tikinti sektorunda, daha dəqiq – daşınmaz əmlak sektorunda kommunikasiyanın özəlliklərini müəyyənləşdirək.
Ürək və beyin arasında
Ev alarkən müxtəlif rasional və emosional faktorlar müştərinin qərarına təsir göstərir: əmlakın qiyməti, yerləşməsi, onu tikən və satan şirkətlərin nüfuzu, əmlakın investisiya potensialı, binanın keyfiyyət göstəriciləri, memarlıq özəllikləri, dizaynı, mənzildən açılan görüntü ev (və ya bina) ilə bağlı hansısa hekayə və s. Maddi və qeyri-maddi dəyərlərin hər biri potensial müştərinin qərarvermə prosesində məntiqlə hisslər müzakirəsi başladır. Əksər hallarda bir-birinə qarşı olan bu yanaşmaları düzgün kommunikasiya edərək müttəfiq edə bilən şirkət qarşısındakı insanı real müştəriyə çevirər. Unutmayın: Əslində insanlar hisslərlə qərar verir, daha sonra həmin qərarı rasional səbəblərlə təsdiqləməyə çalışır. Bunun üçün, PR və marketinq kommunikasiyası fəaliyyəti zamanı insanlara hər iki dəyəri əsaslandıra biləcəkləri arqumentlər vermək lazımdır.
Bu dəyərləri nəzərə alaraq daşınmaz əmlak sektorunda kommunikasiya edərkən aşağıdakı nüanslar kommunikasiyanın əsasını təşkil etməlidir:
Gözdən uzaq olan könüldən iraq olar
Tikintinin təməlindən təhvilinədək bütün inşaat prosesini mərhələlərlə, daha sonra yaşayış başladıqdan sonra orada dəyişiklikləri fotolar və videolarla mütəmadi hədəf auditoriyasına ötürmək çox vacibdir. Bu həm, dinamik işin gedişindən xəbər verəcək, inşaat prosesində gizlilərinizin olmadığı mesajını verərək sizi şəffaf şirkət olaraq xatırladacaq. Həmçinin tikinti, qurulma prosesi insanları cəlb edəcək. Daim göz önündə olarkən insanlara eyni zamanda rahat çatımlı olduğunuz mesajını verirsiniz ki, bu da daşınmaz əmlak sektorunda potensial müştərilərin axtardığı nüansdır.
Yerini dəyişə bilmirsənsə, sözünü dəyiş
Yaşayış kompleksinin inşa olunacağı ərazi seçimində çox vaxt PR-çının yaradıcılıq meydançası kiçik olur. Çünki, adətən tikinti şirkətinin əlində olan, yaxud ala biləcəyi ərazilər məhduddur. Lakin o, əldə olan ərazilərlə bağlı şəhər əhalisinin rəyini öyrənib icra olunacaq layihəyə yön verə bilər. Həmçinin, ərazinin üstün tərəflərini aşkar edərək həmin nüanslar üzərindən lokasiya kommunikasiyası qurulmalıdır. Məsələn, həmin qəsəbədə baş verən müsbət hadisələrdən istifadə etmək olar.
Məkan yox, həyat tərzi tanıdın
Ev satarkən onun məkan anlamından daha çox, xoşbəxt anlarının yaşandığı şərait formasında kommunikasiya etmək lazımdır. İnsanlar dörd divar yox, orada həyata keçirə biləcəkləri planlar, arzular alır. Müştərilərə sizin satdığınız mənzillə bağlı xəyallar qurdurun. Yaşayış kompleksininiz biznes və ya premium sinifdirsə onun statusunu qabartmaq, hətta gələcəkdəki statuslu qonşular nüansına da fokuslanmaq olar.
Ev qalar, qızıla dönər
İnsanlar daşınmaz əmlaka həm yaşayış, həmçinin yatırım kimi yanaşır. Bu səbəbdən, yaşayış nöqteyi nəzərindən özəlliklər üzərindən PR qurulması ilə yanaşı investisiya aləti kimi dəyərini yüksəldən amillər də kommunikasiyada istifadə olunmalıdır.
Çox bilən çox satar
Tikinti, inşaat özü hər zaman inkişafın göstəricisi olub. Hətta inşaat bumu ölkə PR-ına da xidmət edir. Developerlərin PR-çıları ölkə və regionun siyasət, iqtisadiyyat gündəmi mütəmadi izlənməli və gündəmə uyğun PR taktikaları üzərinə işləməlidir. Bu kimi faktorlar daşınmaz əmlak sektoruna əhəmiyyətli təsir edir. Məsələn, Gürcüstan parlamentində xarici vətəndaşların yaşamaq icazəsi əldə etmək üçün almalı olduqları mülkün qiymətinin 2 dəfə qaldırılması müzakirə olunursa bu amil İran və ərəb ölkələri vətəndaşları üçün Azərbaycandan mülk almağı daha cazibədar edəcək. Bu regionu hədəf alan kommunikasiyada qeyd olunan nüans məharətlə istifadə oluna bilər.
Ekspert yaradın
Şirkətin bir və ya bir neçə nümayəndəsi sektorda baş verən yeniliklərə yüksək səviyyədə bələd olmalı, bu sahənin ekspertinə çevrilə bilməlidir. Qurumun PR-çısı rəhbərlikdən bir neçə nəfər şəxsi tikinti, inşaat, daşınmaz əmlak mövzularında ekspert kimi mediaya və ictimaiyyətə tanıda bilər. Vaxtaşırı sektorla bağlı müsahibələri təşkil oluna bilər. İnsanlara faydalı yazılar yayımlayın. Məsləhətlər verin. Bu ekspertlərə olan inam, şirkətə olan inama qatqı verəcək.
Tədbir-li olun
İnşaat sərgiləri sektorun öncül şirkətlərinin mütləq təmsil olunması gərəkən tədbirlərdir. Orada həm portnyor, həm müştəri bazasını genişləndirmək imkanı var. Sərgilərdən əlavə şirkətə və yaşayış komplekslərinə diqqəti cəlb etməyə yönəlmiş başqa tədbirlər keçirin. Bunlar satış şöbələrində müştəri günləri və açıq qapılar, pikniklər və uşaq festivalları, investorlara müxtəlif aksiyalar formasında ola bilər.